Dizaynın daşını qoyanlar

Tikinti və bədii konstruksiya üzrə Bauhaus məktəbi 101 il əvvəl, məhz bugün (25 aprel, 1919-cu ildə) o zamanlar Almaniyanın paytaxtı olan Veymar şəhərində açılmışdır. Düşünürəm ki, bu tarixi hadisəni müasir dizaynın başlanğıc nöqtəsi hesab etmək olar, çünki məhz həmin zaman sənaye və incəsənət bir araya gələrək dizayn forması əldə etmişdir. Bauhaus tərəfindən tədbiq olunan forma və funksiya birliyi dizaynın dərin kökünü salmışdır.  Bu səbəbdən də məktəb, keçmişdə olduğu kimi, bu gün də çox aktualdır. Bu bloqda vurğulayacağım materialı müəyyən qədər Bauhausun nailiyyətlərinin cəmi kimi hesab etmək olar. Bu material “Bauhaus şahmatı” və ya “Hartviq şahmatı” adlandırılan Bauhausun şahmat dəstidir. Məşhur həmkarları ilə müqayisədə Jozef Hartviq o qədər görkəmli deyildi, lakin o, məktəbin ən məşhur interyer elementinin müəllifi idi.

Əfsanəvi şahmat dəstini yaratmamışdan əvvəl, Hartviq Münhendə interyer dizayn və qəbir daşlarının hazırlanması ilə məşğul olurdu və 1921-ci ildə Bauhausun təsisçilərindən biri və ilk direktoru olan Valter Qropius onu məktəbin daş və taxta ilə düzəldilən heykəllər emalatxanasına işə qəbul etmişdi. Orada Xartviq, Qropiusun əsas prinsiplərini öyrənmişdir: məhsul praktiki, keyfiyyətli və gözəl olmalıdır.

Gələk ən əsas məsələyə – Bu nə Şahmat dəstidir belə? 

Adi şahmatların simvolikası – hərbi, dindar və monarxikdir. Daşların forması bir çox fərqli mədəniyyətlərdən, memarlıq üslublarından, bəzək əşyalarından, antropomorfizmdən və heyvançılıqdan götürülüb. Bunun hamısı Bauhausun əsas funksionalizm prinsiplərinə ziddir. Mədəni və stilistik quruluşdan azad olmaqla, yalnız o zaman dizayner oyunu yeniləyə və klassik şahmatla rəqabət aparan ilk uğurlu dəsti yarada bilərdi.

Bu dəstdə hər şahmat fiquru, daşların gediş imkanlarının vizualizasiyasını təqdim edir.

Kub, həcmli fiqur olaraq, ən sadə gediş xüsusiyyətini göstərmək üçün piyada daşını simvolizə edir.

Xaç formasında təsvir olunan Fil, diaqonal istiqamətləri əks etdirir.

Kub üstündə kürə fiquru mükəmməl gücü simvolizə edərək, Vəzir daşının hər istiqamətdə gediş imkanını təsvir edir.

Bu dəsti izləyərkən, elə bir hiss yarana bilər ki, sanki bu fiqurlar, bizə aydın olmayan, başqa sivilizasiyaya aid olan bir oyun üçün nəzərdə tutulub. Eyni zamanda fiqurlar aşkar olmayan qadjetləri xatırladaraq, sanki özlərində əlavə bir funksiya daşıyırlar. Əlavə olaraq, bu şahmat dəsti ilə bağlı çox vacib bir məqama da toxunmaq istərdim. Bu fiqurlara 3D yox, 2D formada nəzərdən keçirilsə, bu bizə çox müasir bir UI dizaynını xatırlada bilər. Bu bir daha Bauhaus şahmatlarının bu günlərdə çox gözəl və aktual qalmasına sübutdur. Bu dəst, xırda sənaye dizaynında, funksionalizmin ən uğurlu nümunə rolunu oynadı və Hartviqi məşhur etdi. Bu günlərdə funksionalizmin təsirini Skandinaviya dizaynında da hiss etmək olar. Bauhaus məktəbi cəmi 14 il fəaliyyət göstərdi. Nasistlər 1920-ci ildə, məktəbdə sosializm ideyaların təbliği şübhəsi ilə, ona qarşı çıxdılar və 1933-cü ildə hakimiyyətə gələndə məktəbi bağladılar. Lakin məktəb ümumi dizaynın inkişafına böyük bir istiqamət göstərdi. Düşünürəm ki, onun şahmat kimi həllərini, layiqli mənada dizaynın başlağıcı adlandırmaq olar.
azAZ
en_USEN azAZ